Fəsildə, tarixi faktlara və
materiallara əsaslanaraq XX yüzilliyin sonlarında Azərbaycan respublikasının
Ermənistan tərəfindən müharibəyə cəlb olunması və Ermənistan silahlı
birləşmələri tərəfindən Xocalı rayonuna qarşı apardığı hərbi əməliyyatların
ağır nəticələri öyrənilmiş, Ermənistanın hərbi müdaxiləsi ilə Xocalı rayonu
ərazisində maddi-mədəniyyət abidələrinin dağıdılması, məhv edilməsi faktları,
habelə hərbi müdaxilə nəticəsində Xocalı rayonunun təbiətinə, ekologiyasına,
iqtisadiyyatına vurulmuş ziyan hərtərəfli və yığcam olaraq tədqiq edilmişdir.
Azərbaycana qarşı əsassız
ərazi iddiaları irəli sürən Ermənistanın planlı və məqsədyönlü şəkildə həyata
keçirdiyi cinayətlər tarixi və siyasi cəhətdən araşdırılmasının zəruriliyi,
tədqiq olunan mövzunun aktuallığını təşkil edir. Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev AMEA-nın 26 aprel 2011-ci ildə illik ümumi yığıncağındakı
çıxışında bildirmişdir ki, “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin
mövcudluğu bizə diktə edir ki, bu sahəyə daha da böyük diqqət göstərək. Çünki
bu bölgənin tarixi ermənilər tərəfindən daim saxtalaşdırılır, daim təhrif
olunur” [2].
Müasir Azərbaycan tarixi elmi-siyasi, hərbi-strateji və milli təhlükəsizlik
nöqteyi-nəzərindən milli tariximizin müxtəlif dövrlərində təbii sərvətlərin
mənimsənilməsi, XIX-XX əsrlərdə bununla bağlı yeni iqtisadi sahələrin – sənaye
sahələrinin yaradılması, Şimali Azərbaycanın çar Rusiyası və sovet Rusiyası
tərəfindən işğalı və bu ərazilərin vəhşicəsinə metropoliya üçün ucuz xammal
bazasına verilməsi nəticəsində ekoloji tarazlığın pozulması, neft və qaz yataqlarının
talan edilməsi, 1988-1994-cü illərdə Ermənistanın Azərbaycan Respublikasına
qarşı hərbi təcavüzü və 20 faiz ərazisinin işğalı, 30 ildən artıq davam edən
işğal zamanı Azərbaycan təbiətinə vurulan ağır zərbələrin törətdiyi
fəlakətlərin tarixinin hadisəsi xüsusi aktuallıq kəsb edir. Buna görə də
müasir dövrdə Azərbaycan Respublikasında ətraf mühitin qorunması
məsələlərinin, o cümlədən ekoloji problemlərin tarixinin öyrənilməsi işinə, bu
məsələlərin tədqiqinə ehtiyac vardır. Mövzunun aktuallığı, həm də ondadır ki,
ətraf mühitin qorunması tarixini mükəmməl öyrənmədən Azərbaycan Respublikasının
ekoloji vəsiyyəti, ümumilikdə ekologiyası və onun inkişaf
tarixi haqqında dolğun təsəvvür əldə etmək mümkün deyildir.
SSRİ-nin
süqutundan sonra iqtisadi əlaqələrin qırılmasına baxmayaraq, zəngin təbii
ehtiyatlara, nadir flora və fauna nümunələrinə malik olan Azərbaycan
Respublikası az vaxtda müxtəlif sahələrdə irəliləyişlər əldə etdi. Neft sektorunun
güclü inkişafı, xarici investorların ölkəyə cəlb edilməsi, fermer
təsərrüfatlarının yaradılması Azərbaycan Respublikasında iqtisadi inkişafı
xeyli dərəcədə stimullaşdırırdı. Bütün bunlar özünü ölkənin ekoloji
vəziyyətində göstərirdi. İqtisadiyyatın inkişafı bir tərəfdən ətraf mühitə
ciddi təsir göstərirdisə, digər tərəfdən bu mühitə təsir edə biləcək amillərin
qarşısını alan aztullantılı və tullantısız texnologiyanın istehsalatda tətbiqi,
ölkəyə çoxlu miqdarda nəqliyyat növlərinin gətirilməsi, kənd təsərrüfatında və
sənayedə yeni tipli istehsal müəssisələrinin sürətlə artması təsir baxımından
antropogen faktor kimi mühüm əhəmiyyət daşıyırdı. Bu problem müxtəlif nəşrlərdə
öz əksini tapsa da, geniş təhlil tələb edən tədqiqata cəlb olunmayıb, elmi cəhətdən
hərtərəfli ümumiləşdirilməmişdir.
1991-1994-cü
illərdə Rusiya Federasiyasının hərbi və siyasi yardımı ilə Ermənistanın hərbi
təcavüzünə məruz qalan Azərbaycan
Respublikasının Dağlıq
Qarabağ və onun ətrafında yerləşən bölgələri o cümlədən Xocalı rayonu işğal
edildikdən sonra düşmən tərəfdən ekoloji soyqırımı cinayətlərinə məruz qalıb.
30 ildən artıq davam edən müharibə şəraiti təbii ehtiyatlara külli ziyan
vurmuş, onların bir qismi qəsbkarlar tərəfindən dağıdılmış və ya qarət
edilmişdir. Bu məsələyə öz münasibətini bildirən Ümummilli lider Heydər Əliyev demişdir. “...Lakin təəssüf hissi ilə qeyd
etmək istəyirəm ki, qonşu Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü digər
sahələrdə olduğu kimi, milli mədəni və təbii sərvətlərimizə də olduqca ağır
zərbə vurmuşdur”.
Azərbaycan Respublikasının
Qarabağ regionunun o cümlədən Xocalı rayonunun mədəniyyətinə, təbiətinə,
iqtisadiyyatına münaqişənin təsiri barədə elmi seminarlarda, elmi-praktik
konfranslarda, monoqrafiyalarda, dövri mətbuatda geniş bəhs edilmiş, şərhlər
verilmişdir. Lakin problemə sistemli, kompleks yanaşılmadığından ətraf
mühitin qorunması məsələsinə yenidən toxunmaq lazım gəlmiş və bu istiqamətdə
onu öyrənməyə çalışmışıq. Fikrimizcə bu problem elmi-tədqiqat işinin
mövzusudur.
XX əsrin 80-ci
illərinin sonu – 90-cı illərinin əvvəlində SSRİ-nin tənəzzülü və süqutu
şəraitində ermənilər yenidən Azərbaycan torpaqlarına qarşı əsassız ərazi
iddialarına, xalqımıza qarşı soyqırımı və deportasiya siyasətinə başladılar.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində keçmiş sovet rəhbərliyi
ermənilərə açıq şəkildə dəstək verdi. Milli-etnik münaqişələrin həllinə Qərb
dövlətləri də etinasız yanaşdılar. SSRİ dağıldıqdan sonra Cənubi Qafqaza
əvvəlki nəzarətini qoruyub saxlamağa can atan Rusiya nəinki problemin həllinə
cəhd göstərmədi, əksinə, münaqişə nəticəsində yaranmış status-kvonun saxlanması
üçün əlindən gələni etdi və bunu ölkəmizin müstəqilliyi üçün təzyiq vasitəsinə
çevirdi.
Ölkədə
gedən siyasi çəkişmə, hərc-mərclik, ordudakı özbaşınalıq, müdafiə işinin
lazımi səviyyədə qurulmaması və sair nəticəsində qısa müddət ərzində Xocalı
rayonu və bütövlükdə Dağlıq Qarabağ erməni işğalçılarının nəzarəti altına
keçdi. 1993-cü ilin sonuna yaxın isə ermənilər tərəfindən Dağlıq Qarabağ və
ətrafındakı 7 rayon – Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı və
Zəngilan rayonları erməni hərbi birləşmələri tərəfindən işğal olundu [9].
Ümumiyyətlə,
1991-1994-cü illər ərzində Ermənistan silahlı qüvvələri tərəfindən işğal
olunmuş ərazilər öz təbii ehtiyatlarına, iqlim-torpaq şəraitinə və iqtisadi
potensialına görə Azərbaycan Respublikasının iqtisadiyyatında mühüm
əhəmiyyəti olan region sayılır. İşğal olunmuş bu ərazidə fəaliyyət göstərən
sənaye sahələri Respublika iqtisadiyyatında mühüm yer tuturdu. Burada yeyinti,
yüngül, tikinti materialları sənayesi sahələri üzrə müəssisələr daha çox
inkişaf etmişdi. Göstərilən sahələrin bu regionda inkişafına güclü kənd
təsərrüfatı xammalı və yerli təbii ehtiyatlar müsbət təsir göstərirdi.
Ermənistanın
təcavüzünə məruz qalan rayonlarımızdan biri də, Xocalı rayonu olmuşdu.
Xocalının strateji
əhəmiyyətini artırmış və mənfur siyasət sahiblərinin diqqətindən
yayınmamışdır. Bütün bunlarla yanaşı erməni cəlladlarının məkrli bir niyyəti
də, var idi ki, bu da “dənizdən-dənizə Böyük Ermənistan” yaratmaq olmuşdur ki,
Xocalı kimi qədim türk diyarının mövcudluğu bu “plan”a maneə olurdu. Məhz bütün
bunlara görə, erməni vandalları Xocalı şəhərində tarixdə misli görünməmiş
soyqırımı törətdilər. Qədim türk diyarını dünya xəritəsindən silmək məqsədilə
xalqımızın başına müsibətlər gətirildi. Şəhər yerlə yeksan edildi, 700-ə yaxın
azərbaycanlı ağır işgəncələrlə öldürüldü, Xocalı əhalisi qaçqınlıq, köçkünlük,
didərginlik həyatını yaşamalı oldu.
Xocalı Azərbaycanın qədim
yaşayış məskənidir. Ərazinin əlverişli təbii coğrafi şəraitə malik olması uzun
bir dövrdə ulu əcdadlarımızın burada düşərgə salmasına, yaşamasına imkan
yaratmışdır. Ərazidə aparılan arxeoloji tədqiqat işləri nəticəsində son Tunc və
ilk Dəmir dövrünə (e.ə. XIII-VII əsrlərə) aid arxeoloji abidə Nekropol, Daş
qutu və kurqanlar, 1356-1357-ci illərə aid Dairəvi Türbə, XIX əsrə aid memarlıq
abidələri “Xocalı Qəbiristanı” və oradakı müxtəlif tipli saxsı qablar,
silahlılar, qızıl və tuncdan hazırlanmış bəzək əşyaları, tunc alətlər və digər
qədim maddi-mədəniyyət nümunələri aşkar edilmişdir ki, bütün bunlar ulu
əcdadlarımızın Xocalı ərazisində qədimdən yaşadığını sübut edir [10, s.61].
Yeri gəlmişkən onu da qeyd
edək ki, Xocalıda qədim abidələrin öyrənilməsi işi XX yüzilliyin əvvəllərinə
təsadüf etmişdir. Qarabağ abidələrini öyrənən Alman tədqiqatçısı Emil Resler,
rus şərqşünası M.Xankov, ingilis alimi F.Bajer, fransız şərqşünası A.Berje
buradakı arxeoloji abidələrlə tanış olmuş və təəssüflər olsun ki, buradan
tapılmış eneolit, tunc və dəmir dövrünə aid əşyaları öz ölkələrinə aparmışlar.
Azərbaycanlı tədqiqatçı alim Ə.Ələkbərovun ərazidə apardığı tədqiqat işləri
böyük əhəmiyyət kəsb etmişdir. Azərbaycanın görkəmli aliminin qənaətinə görə
Xocalı abidələri bütün Azərbaycan abidələrini öyrənmək üçün açar rolunu
oynayır. Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə keçən əsrin 70-ci
illərində Xocalı abidələri tədqiq edilmiş və ərazidə qədim və orta əsrlərə aid
28 abidənin olması aşkar edilmişdir. Tədqiqatlar nəticəsində tunc dövrünə aid
8 kurqan və nekropol, dəmir dövrünə aid 5 qəbir və kurqan, orta əsrlər dövrünə
aid 9 məbəd, IX-XVIII əsrlərə aid
5 qala, XIV əsrə aid türbə aşkarlanaraq öyrənilmişdir ki, bütün bunlar
Vətənimizin tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edirdi. Lakin çox
təəssüflər olsun ki, 1992-ci ilin fevralında erməni və rus ordusunun birləşmiş
qüvvələri Xocalıda əhalini vəhşicəsinə qırarkən bəşəriyyət üçün nadir abidələr
toplusu olan zəngin Xocalı abidələrini də dağıtdılar.
Dünyanın müxtəlif bölgələrinə
səpələnmiş ermənilərin Azərbaycana köçürülməsi ilə burada yaşayan
xalqların çətin və məşəqqətli günləri başlamışdır. Azərbaycanın qədim İrəvan
xanlığında Erməni vilayəti yaradıb, sonralar tarixi torpaqlarımızı müxtəlif
yollar və vasitələrə həmin qondarma quruma birləşdirib Ermənistan adlı
“dövlət” yaradan ermənilər və havadarları təəssüflər olsun ki, bununla
kifayətlənmədilər. Bütün XX yüzillik ərzində Azərbaycanın tükənməz və təbii
yeraltı və yerüstü təbii sərvətlərə malik Qarabağ bölgəsinə əsassız ərazi
iddiası edən Ermənistan 80-ci illərin sonlarında ölkəmizə qarşı açıq tətil,
nümayiş və ən nəhayət irimiqyaslı hərbi əməliyyatlara başladı. Azərbaycanda
yaranmış dərin siyasi böhrandan məharətlə istifadə edən arxalı düşmən
xalqımızın başına tarixdə misli-bərabəri olmayan müsibətlər gətirdilər. Bu
dövrdə erməni terroru miqyaslı xarakter aldı. Türk qanına susayan erməni
kafirləri elan olunmamış “Qarabağ savaşı”nda ağsaqqal qocalara, qadınlara,
südəmər körpələrə də aman vermədi. Erməni vandalları tarixdə analoqu olmayan
faciələr törətdilər. Belə faciələrdən biri də, 1992-ci il fevralın 25-dən 26-na
keçən gecə vəhşi erməni cəlladları tərəfindən törədilən Xocalı qırğını idi.
Xocalı soyqırımını erməni quldurları Rusiyanın 366-cı atıcı alayının köməyi ilə
törətmişdilər.
1992-ci
ilin əvvəllərindən başlayaraq Ermənistan ordusu ardınca yuxarı Qarabağda
azərbaycanlılar yaşayan sonuncu məntəqələrini də işğal etdilər. 1992-ci il
fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndində
yerləşən keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının hərbçiləri və ağır
texnikasının iştirakı ilə Xocalı şəhərinə hücum edərək şəhəri yerlə-yeksan
etdilər. Çoxsaylı ağır texnika ilə şəhər tamamilə dağıdıldı, yandırıldı və
insanlar xüsusi qəddarlıqla qətlə yetirildi. Bu soyqırımı nəticəsində rəsmi
rəqəmlərə görə, 613 nələr öldürülmüşdü ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri
qadın, 70 nəfəri isə qocalar idi.
Marşal Sapajnikovun
“qeydləri”ndə isə göstərilirdi ki, “Xocalı soyqırımının izini itirmək üçün
ruslara məxsus 366-cı alay dərhal, faciədən sonra Gürcüstana köçürüldü və
Alayın tərkibi 02 mart 1992-ci il tarixli “Əmr”lə müxtəlif hərbi hissələrə
verildi” [12, s.144]. Eyni zamanda xarici dövlətlərdən gətirilmiş muzdlu
quldurlar da bu qırğında nankor düşmənə köməkçi olmuşdu. Xocalı şəhəri üzərinə
hücum planını milliyətcə erməni olan mayor Seyran Ohanyan hazırlamışdı. Plana
görə, fevralın 25-də, gecə şəhərə 6 istiqamətdə qəflətən, sürətlə hücum etməli,
əhalinin şəhərdən çıxmasına imkan verməməli, hamını bir nəfər kimi güllələməli
və şəhər yandırılmalı idi [13, s. 7-9]. Xocalı üzərinə hücuma 366-cı rus alayının
180 hərbi mütəxəssisi ağır texnikası ilə birlikdə ermənilər tərəfindən hücuma
hazır vəziyyətdə gətirilmişdi. 1992-ci il fevralın 25-də 366-cı alayın
batalyonlarına rəhbərlik edən mayor Ohanyan, mayor Nabogixin, mayor Lixodiya,
mayor Yuri Girçenko, podpolkovnik Azarov və digər 50-dən çox qəddar, təcrübəli
erməni zabiti öz dəstələri ilə Xocalı ətrafında cəmləşdilər [15]. Ermənistan
silahlı qüvvələri Xankəndində yerləşən keçmiş SSRİ-nin 4-cü ordusunun 23-cü
diviziyasına daxil olan 366-cı 180 nəfər hərbi mütəxəssisi və xeyli canlı
qüvvəsi ilə Xocalını mühasirəyə aldı. Ermənilər ən müasir silahlarla Xocalı
şəhərinə hücum edərək şəhəri yerlə-yeksan etdilər. Çoxsaylı ağır texnika ilə
şəhər tamamilə dağıdılmış, yandırılmış və insanlar xüsusi qəddarlıqla qətlə
yetirilmişdilər. Onların içərisində başları kəsilən, gözləri çıxarılan, dərisi
soyulan, diri-diri yandırılan və digər şəklə salınanlar çoxluq təşkil edirdi.
Düşmənin hücum edəcəyini Xocalı şəhər rəhbərliyi əvvəlcədən bilirdi. Belə ki,
Xocalı şəhər prokuroru Atakişi Atakişiyevin Azərbaycan Respublikası prezidenti
A.Mütəllibova və Respublikanın baş prokuroru M.Babayevə 25 fevral 1992-ci ildə
gündüz saat 1200-da ünvanlandığı növbəti teleqram yuxarıda
deyilənləri sübut edir. Teleqramı olduğu kimi diqqətinizə çatdırırıq: “Əziz
rəhbərlərimiz! Xocalı rayonu artıq əldən gedir. Bütün bu hadisələr Xocalının
üstündədir. Xocalı gedərsə DQMV-i ermənilərin olacaq. Biz Xocalını saxlasaq
DQMV-i bizim olacaq. Ona görə də Əsgəran aradan götürülməlidir. Artıq 25 gündür
Xocalıya heç bir vertolyot işləmir. Hazırda Xocalı şəhərində 7 min əhali
yaşayır. Arvad, uşaq, qoca və s. Əgər siz bizə kömək etməsəniz 4 illik
zəhmətimiz hədər gedəcək. Biz sizdən təxirəsalınmaz kömək gözləyirik. Xocalı
Azərbaycanın taleyini həll edir” [13, s.9-10].
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev 17 yanvar 2012-ci ildə Xocalı soyqırımının iyirminci
ildönümü ilə əlaqədar Sərəncam imzalamışdır ki, həmin Sərəncamında deyilirdi: “Azərbaycan xalqının tarixinə 1992-ci il
fevralın 25-dən 26-na keçən gecə Xocalı faciəsi kimi daxil olmuşdur. Ermənistan
silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarına zidd olaraq, keçmiş sovet
ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin
iştirakı ilə yatan şəhərə (gecə yarısı hücum edildiyi nəzərdə tutulur – N.M.)
hücum edərək azərbaycanlılara qarşı soyqırımı aktını törətmişlər. Bu hərbi
təcavüz zamanı, Xocalı ağır hərbi texnikadan şiddətli atəşlər nəticəsində
darmadağın edilmiş, dinc sakinlərə amansızcasına divan tutulmuşdur. Bir neçə
saat ərzində 613 soydaşımız, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi
qəddarlıqla qətlə yetirilmiş, meyitlər üzərində təhqiredici hərəkətlərə yol
verilmişdir. Həmin kütləvi qırğın həyata keçirilərkən 8 ailənin həyatına son
qoyulmuş, 25 uşaq hər iki valideynindən, 130 uşaq isə valideynlərinin birindən
məhrum edilmiş, 487 dinc Xocalı sakini ağır yaralanmış və 1275 nəfər girov
götürülmüşdür. Girov götürülənlərdən 150 nəfərin taleyi indiyədək məlum
deyil. Qanlı Xocalı qırğınını törətməklə Dağlıq Qarabağın hüdudlarından kənara
çıxan Ermənistan Azərbaycana qarşı genişmiqyaslı təcavüzə başladı.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı 20 min vətəndaşımız
öldürüldü. 50 min nəfərdən çox adam yaralandı və əlil oldu, ölkəmizin
ərazisinin 20 faizi işğal edildi. Xalqımız misli görünməyən fəlakətlə üz-üzə
qaldı. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının, Avropa Parlament
Assambleyasının və bir sıra beynəlxalq qurumların Ermənistan-Azərbaycan Dağlıq
Qarabağ münaqişəsinin nizamlanması və problemin ölkəmizin ərazi bütövlüyü
çərçivəsində obyektiv həllini tapmasına dair qətnamə və qərarlarına
baxmayaraq, bu günə qədər ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar
heç bir nəticə verməmişdir. Azərbaycanlılara qarşı erməni şovinist
dairələrinin XIX-XX əsrlərdə mərhələ-mərhələ həyata keçirdiyi etnik təmizləmə
siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımı haqqında həqiqətlər dünya
ictimaiyyətinə, xarici ölkələrin parlamentlərinə çaldırılmalı, Azərbaycan
xalqının və ümumən insanlığın əleyhinə yönəldilmiş bu son dərəcə ağır hərbi
cinayət beynəlxalq miqyasda öz hüquqi-siyasi qiymətini almalıdır. Sərəncamda
göstərilir ki, Xocalı soyqırımı zamanı qətlə yetirilmiş həmvətənlərimizin
xatirəsini faciənin iyirminci ildönümü ərəfəsində dərin hüznlə bir daha yad
edərək Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Xocalı
soyqırımının iyirminci ildönümü ilə bağlı tədbirlər planı hazırlayıb onun
həyata keçirilməsini təmin etsin” [25].
Ermənistanın
dövlət siyasətinin tərkib hissəsi olan vandalizm hərəkətləri indi işğal olunmuş
ərazilərdə tətbiq olunur. Ermənilər işğal etdikləri ərazilərdə Azərbaycan
xalqının tarixi keçmişini, və bu gününü əks etdirən maddi mədəniyyət
nümunələrini planlı surətdə məhv edir və ya “özününküləşdirirlər”. Rusiya arxeoloqu Muravyovun dediyi kimi: “Dağlıq Qarabağda
ermənilər hər şeyi 10 il qabağa nəzərə almaqla özününküləşdirirlər” [26].
Azərbaycan
torpaqlarına ermənilər tərəfindən edilən təcavüz nəticəsində Azərbaycan
xalqının çoxəsrlik tarixini, şərəfli keçmişini əks etdirən dünya əhəmiyyətli
11, ölkə əhəmiyyətli 223 və yerli əhəmiyyətli 453 tarix və mədəniyyət abidələri,
dünya əhəmiyyətli arxeoloji abidə olan paleolit dövrünə aid Azıx və Tağlar
mağara düşərgələri, b.e.ə. VI-VII əsrlərə aid olan və insan sivilizasiyasını
öyrənmək üçün indi də aktuallığı ilə fərqlənən eneolit dövrünə aid Xantəpə,
Kültəpə və Şomutəpə arxeoloji abidələri, həmçinin Azərbaycanın xristianlıq
dövrünə aid olan (Alban dövrünə IV-XIX əsr) Qanzasar məbədi, Ağdərə şəhəri
yaxınlığındakı məbəd, Şuşa şəhərindəki qala, Laçın rayonundakı “Ağoğlan”
məbədi, Xocalı rayonundakı Əsgəran qalası, Amaras məbədi və nəhayət 1977-ci
ildə Azərbaycan hökuməti tərəfindən tarix-memarlıq
qoruğu elan edilmiş əvəzedilməz gözəlliyə malik Şuşa şəhəri işğal altında
qalmışdır. Şuşadakı gözəl memarlıq abidəsi olan məscidlər, qədim qəbiristanlıq,
Azərbaycanın görkəmli şairi Qarabağ xanının vəziri olmuş Molla Pənah Vaqifin
türbəsi, Ağdamda Pənah Xanın Şahbulaq imarəti, türbəsi və qalası, Laçında
Sultan Həmzənin və Sultan Əhmədin sarayları dağıdılmışdır. Füzuli, Qubadlı,
Zəngilan şəhərlərində məscidlər yandırılmışdır. Azıx, Qaraköpəktəpə,
Üzərliktəpə kimi unikal arxeoloji abidələr Ermənistan tərəfindən hərbi
məqsədlər üçün istifadə edilməkdədir [27]. Tunc dövrünə aid Xocalı-Gədəbəy
arxeoloji mədəniyyətinin ən xarakterik arealı olan Xocalı şəhərində ermənilər
1992-ci ilin fevralında Sovet ordusunun 366-cı alayı ilə birgə misli görünməmiş
vəhşiliklər törətmişlər. Bir gecənin içində şəhər yerlə yeksan edilərək
xəritədən silinmişdir [28].
Xocalı şəhəri işğal edildikdən sonra Ermənistan Silahlı birləşmələrinin
əsarəti altında qalan, qarət edilən, yandırılan tarixi abidələr və
maddi-mədəniyyət nümunələri aşağıdakılardır: Daş qutu nekropolu – tunc
dövrü (Xocalı şəhəri Əsgəran dağı); Nekropol
– ilk tunc və orta tunc dövrü (Xankəndidən cənubda); Xocalı kurqanları – ilk tunc və dəmir dövrü (Xocalı rayonu); Küp qəbirlər nekropolu – ilk orta əsrlər (Xankəndinin ərazisində); Kurqan – dəmir dövrü (Xankəndi yaxınlığında); Xankəndi kurqanları – tunc
dövrü (Xankəndidən şimalda); Xaçınçay
kurqanları – ilk tunc və orta tunc dövrü (Seyidli kəndindən şimal-şərqdə); Küp
qəbirləri nekropolu – tunc dövrü (Armudlu kəndindən 2 km. İlis kəndinə tərəf);
Kurqan – tunc dövrü (Armudlu kəndindən 15 km aralı, İlis çayının sahilində); Daş qutu
nekropolu – dəmir dövrü (Armudlu kəndi, qəbiristanlığın yaxınlığında); Köhnə
qəbiristanlıq – tunc dövrü (çanaqçı kəndi); Daş qulu nekropolu – dəmir dövrü
(Saruşen kəndi); Daş qulu nekropolu dəmir dövrü (Saruşen kəndi, dağın
ətəyində); Dairəvi məbəd – 1356-1357-ci il (Xocalı şəhəri); Türbə – XIV əsr
(Xocalı şəhəri); Alban məbədi – 1100-ci il (Çanaxçı kəndi); Alban məbədi –
1065-ci il (Çanaxçı kəndi); Alban məbədi – 1905-ci il (Şuşa kəndi); Alban
məbədi – 1122-ci il (Xansıx kəndi); Alban məbədi – 1100-ci il (Xaçmaz kəndi);
Alban məbədi – 1202-ci il (Armudlu kəndi); Qala – X əsr (Maşxmaat kəndi);
Qırxlar qalası – orta əsrlər (Badara kəndi); Məbəd kompleksi – VII əsr (Badara
kəndi) [29]. Hazırda işğal zonasında geniş miqyasda qanunsuz arxeoloji qazıntı
işləri aparılır və tapıntılar Ermənistana daşınır.
Xocalı rayonu ərazisində təsdiq edilmiş ehtiyatları uyğun olaraq 32 min kub m. və
2039 min kub m. olan və istismara cəlb olunan Zərinabağ və Ağçay üzlük daşı
yataqları, ehtiyatları 12434 min ton olan və istismara cəlb olunan, qırmadaş və
əhəng istehsalına yararlı Şuşa əhəngdaşı yatağı, 962 min kub m. ehtiyatlara malik,
kərpic istehsalına yararlı Xocalı gil yatağı, ehtiyatları 7280 min kub m. olan
Xankəndi qum-çınqıl qarışığı yatağı, istismar ehtiyatları 9 min kub m. gün olan
Xankəndi yeraltı şirin su yatağı mövcuddur. Xocalı rayonu ərazisində, Badara
çayı hövzəsində “yeddi kilsə” adlanan yerdə Xankəndi meşə təsərrüfatının
tabeliyində olan Pirkal meşəçiliyində fıstıq-palıd meşələri xüsusi olaraq
qorunurdu [29].
Xocalı
rayonunun Seyidbəyli kəndinin şimal-şərqində Xaçınçayda tapılmış kurqan Erkən
Tunc dövrünə aid olub, 1-2,5 m
hündürlüyündə və 10-20 m
diametrində olması ilə diqqəti cəlb edirdi. Bu kurqan düzbucaqlı və trapes
formalı müdafiə mərkəzindən ibarət idi.
Ən böyük qəbir abidələri Xocalıda mövcud idi. Azərbaycan tarixində
son tunc, ilk dəmir dövrü arxeoloji və orta əsr memarlıq abidələrinin böyük bir
qismi Xocalı mədəniyyəti adı ilə məşhurdur. Burada yüzdən çox kurqan, daş
sənduqə, bir neçə türbə vardı. Tədqiqatçılar Xocalı qəbiristanlığında dövr
etibarı ilə biri digərini əvəz edən beş tip kurqanlar müəyyənləşdirmişlər. 50
hektar sahədə yerləşən qədim qəbiristanlıqlar, kurqanlar, neçə-neçə adı məlum
olmayan qəhrəman və tarixi şəxsiyyətlərin daş sənduqə qəbirləri erməni
millətçiləri tərəfindən dağıdılıb yerlə yeksan edilmişdir. Əsgəran Rayon
Partiya Komitəsinin birinci katibi V.Qriqoryan Daşbulaq kəndinin yaxınlığındakı
qədim qəbiristanlıqda “karçovka”
apartdıraraq torpağı “yararlı” hala salmışdır. Qeyd etmək lazımdır ki, Xocalı
dəfələrlə erməni vandalizminin qurbanı olmuşdur. Hələ 1905 və 1918-ci illərdə
ermənilər Xocalını yandırmış, mədəniyyət abidələrini vəhşicəsinə dağıtmışlar
[30].
Xocalıda
aparılmış arxeoloji qazıntılar nəticəsində aşkara çıxarılmış müxtəlif
avadanlıqların əksər hissəsi e.ə. I minilliyin ortalarına qədər Qafqazda davam
etmiş tunc dövrünə aiddir. Xocalı Kurqan çölünü bir növ yeraltı muzey də
adlandırmaq olardı. Burada tunc dövrünə aid küllü miqdarda Azərbaycan abidələri
saxlanmışdı. 1893-1894-cü illərdə E.Resler tərəfindən Xocalıda tədqiq edilən 11
saylı daş qutu qəbirdən çoxlu gil qablar, tunc quş fiquru, bıçaq, iki ədəd
üzük, qızıl lövhə və silindirik möhürlə yanaşı e.ə. VIII əsrdən gec olmayaraq
hakimiyyət sürmüş Assuriya şahı Adadnirarinin (e.ə.807-788) mixi yazı ilə
üzərində adı qeyd olunmuş muncuğa da rast gəlinmişdir. Sonralar İ.Meşşaninov,
R.Virxov, T.Passek, B.Latinın, İ.Cəfərzadə, İ.Dyakonov və digər alimlər
tərəfindən orada geniş tədqiqatlar aparılmış və bu tapıntıların həmin dövrdə
Azərbaycanın Yaxın Şərq ölkələrilə mədəni və iqtisadi əlaqəsinə dair
nadir materiallar olduğu
sübuta yetirilmişdir. Lakin çox təəssüf ki, bu cür qədim abidə, həmçinin buldozerin qabağına qatılıb düzənliyə
çevrilmiş, XVI əsrdən qalma əzəmətli müsəlman qəbiristanlığı da erməni
vəhşiliyinin qurbanı olmuşdur [31].
Yeri
gəlmişkən, özlərinin dağıtdıqları Xocalıdakı abidələrin “bərpasına” dair qərar
verən qondarma “DQR”-nın keçmiş “rəhbər” A.Qukasyan bu məqsədlə “xüsusi
tədbirlər” həyata keçirmişdir. Xocalının qədim qəbirləri Fransa arxeoloqlarının
iştirakı ilə hazırlanmış “Qədim ermənilər” filmində nümayiş etdirilmiş və bu
ərazinin “qədim ermənilər”in yaşadıqları ərazi olduğunu sübuta
yetirməyə çalışmışlar [32].
Baxmayaraq
ki, Xocalı 1992-ci il 26 fevralda ermənistan
Silahlı birləşmələrinin Azərbaycan əhalisinə qarşı genosid törətdikləri şəhər
kimi tanınıb, onun adı həm də “Xocalı-Gədəbəy” arxeoloji mədəniyyəti ilə də
məşhur idi. Bu mədəniyyət Son Tunc və Erkən Dəmir dövrlərinə (e.ə.XIII-VII
əsrlər) aid olub, Kür və Araz çayları arasındakı ərazini əhatə edir. Buraya
yaşayış binaları, sənətkarlıq emalatxanaları, qəbirlər və məbədlər daxildir.
“Xocalı-Gədəbəy mədəniyyəti”nin ilk abidələri Xocalı şəhəri yaxınlığında,
qəbiristanlıqda XIX əsrin sonlarında aşkar edilib və qəbir daşlarından və
kurqanlardan ibarətdir. Bu abidələr bizim eradan 2 min il əvvəldən e.ə.VII-VI
əsrlərə qədər dağlıq və hündür ərazilərdə geniş yayılmışdı. Tək və ya qrup
dəfnlərində adətən kurqan qəbirlərdən istifadə olunurdu. Onlardan bəziləri 9 m uzunluğunda idi. İnsanlar
ana bətnində olduqları formada onlara aid olan əşyalarla birlikdə dəfn
edilirdilər. Xocalı qəbiristanlığında arxeoloji qazıntılar aparılarkən 5 tip
kurqan, müxtəlif tipli gil qablar, silahlar, qızıl, tunc, aqat, şüşə bəzək
əşyaları, tunc əmək alətləri və at ləvazimatları tapılmışdı [33].
Xocalıda
Qala divarları çay daşlarından tikilmiş, hündürlüyü 9 m, eni 2 m-dir. Burada 8 ədəd
dairəvi qala vardı. Qalanın Qarqarçay çayının sağ sahilində yerləşən üst
hissəsinin hündürlüyü alçaqdır, lakin daha aşağı hissəsi çayın dağətəyi
sahilində yerləşirdi. Qalanın hər iki hissəsi bir-birilə əlaqəlidir. Abidə
1986-1988-ci illərdə bərpa edilmişdi [34].
Azərbaycan ərazisi müdafiə məqsədilə tikilən
istehkam və qalalarla zəngindir. Bunlardan biri də qədim Xocalı ərazisində yerləşən
Əsgəran qalasıdır. Əsgəran qalası Şuşanın təxminən 24, Xocalının 5
kilometrliyində və Ağdam şəhərinin 12 km cənubunda, Qarqar çayının sağ və sol
sahillərində dağ döşündə yerləşir [35]. Qalanın salınması Qarabağ xanlığının
yüksəliş dövrü ilə əlaqəli olub, Qarqar çayı vadisini qapayaraq yalnız çay
tərəfdən kiçik keçid yaratmaq məqsədini güdürdü. Əsgəran qalası çayın hər iki
sahili boyunca bürclərlə möhkəmləndirilmiş ikiqat daş divarlardan ibarətdir.
Bütün bürclər ikimərtəbəli olub, bir-birilə ikimərtəbəli qala dəhlizləri ilə
birləşdirilmişdir. Hündürlüyü 9 m,
qalınlığı 2 m-dən ibarət olan qala divarları üz hissəsi yaxşı işlənmiş çay
daşlarından tikilmişdir [16]. Uzun müddət Qarabağ xanlığının mərkəzi Şuşaya can
atan düşmənlərin yolunu kəsmiş qalanın Qarabağ xanı İbrahim xanın qardaşı və
Pənah xanın oğlu Mehrəli xan tərəfindən 1758-1760-cı
illər də tikildiyi göstərilir
[17].
Erməni
hərbi təcavüzü nəticəsində digər abidələrlə yanaşı Əsgəran qalası da düşmən
əlinə keçib. Lakin Əsgəran qalasının təcavüzə məruz qalması hərbi münaqişədən
əvvəl baş verib. Belə ki, enməni “alimi” Şaqen Mkrtçyanın “Историко
архитектурные памятники Нагорного Карабаха” adlı kitabında bölgədəki digər abidələrlə yanaşı Əsgəran qalası da
mənimsənilərək tarixi tamamilə təhrif olunub. Kitabda qalanın adı
“Mayraberd-Əsgəran” kimi göstərilərək qalanın orta əsr “erməni kəndi” olan
Mayraberd kəndi yaxınlığında salındığından kəndin adı ilə Mayraberd,
qoşunların dayanacaq yeri olduğu üçün isə Əsgəran adlandırıldığını bildirilir
[18].
Erməni
müəllifinin təqdim etdiyi qalanın adının birinci hissəsi, yəni Mayraberd adına
bu bölgədə nə orta əsr, nə də sonra bu adda yer adına, nə də toponimikasında
bu cür mənşəli sözə rast gəlinməyib. Əsgəran sözünün mənşəyinə gəldikdə isə bu
toponim XVIII əsrdə tikdirilmiş Əsgəran qalasının adı ilə əlaqələndirilir.
Qalanın adı isə Əsgəran adlı yerlə bağlanaraq, Azərbaycan dilindəki əski
(köhnə, qədim) sözündən və Aran toponimindən ibarət olduğu göstərilir [19].
Q.Qeybullayev Əsgəran toponimini Azərbaycan dilindəki “əski” (qədim, köhnə)
sözündən və Aran etnonimindən ibarət olduğunu yazır: “Əsgəran rayonu ərazisində
Pənah xan tərəfindən tikilmiş “Əsgəran” qalasının xarabalıqları vardır. Qala
yerin adı ilə Əsgəran adlanmış, başqa sözlə qala tikilməzdən əvvəl ərazi ətraf
əhali içərisində Əsgaran, yəni Əksi aran ilə məlum idi” [20]
Hazırda erməni işğalı altında olan və erməniləşdirilməyə məruz qalan
Əsgəran qalası bütün dünyaya “qədim erməni” qalası kimi təqdim olunmaqdadır.
Şuşaya
gedən yolun kənarındakı Yuxarı Xanbağı deyilən yerdə vaxtilə bütün Qafqazda
məşhur olan Tanrıverdi kişinin karvansarası yerləşirdi. Öz gözəl ənənələri və
qonaqsevəri iyi ilə seçilən bu karvansarada çayxana, musiqi salonu və
dəlləkxana vardı. Bərdəyə, Gəncəyə, Bakıya, Tiflisə, İrəvana və Qafqazın başqa
şəhərlərinə gedən faytonlar, furqonlar həmişə burada düşərgə salardı [21].
Burada
həmçinin Bədərə kəndində VII əsrə aid olan məbəd kompleksi, XIV əsrə aid Xocalı
şəhərində qəbirlər, Xanabad, Xanyeri, Meşəli, Şuşakənd, Xaçmaz və Çanaqçı
kəndlərində Alban məbədləri var idi.
1992-ci
il fevralın 26-da erməni silahlıları, rus hərbiçilərinin köməkliyi ilə Xocalı
şəhərini işğal etməklə bir daha özlərinə xas olan vəhşilik və vandalizm
xüsusiyyətlərini nümayiş etdirərək azərbaycanlılara qarşı xüsusi
amansızlıqlarla səciyyələnən irimiqyaslı soyqırımı törətdilər. Şəhər də
əhalisi kimi erməni vəhşiliyinin qurbanı oldu, özündə Azərbaycanın qədim
tarixini yaşadan abidələr isə darmadağın edildi [34].
Xocalıda
dəfələrlə olmuş, baş verən hadisələrin canlı şahidi, amerikalı jurnalist Tomas
Qolds özünün “Azərbaycan xronikası” kitabında yazır: “Xocalı mənim xatirəmdən
silinməyəcək. O şəhər gözdən uzaq, könüldən iraq bir yerdəydi. İndi ora yerlə
yeksan olunubdur. Əlimdən heç bir şey gəlmədi, mən elə hey ağladım,
ağladım”[35].
Tədqiqatlar zamanı müəyyən edilib ki, Xocalıdakı
ekolojı sistemlərin pozulması (meşələrin qırılması, torpaq və suların zərərli
maddələrlə ifrat çirklənməsi, çəmənliklərin kobud şəkildə tapdanması) ilə
əlaqədar bəzi növlər ya tamamilə sıradan çıxır, ya da cəmi bir neçə fərdi əhatə
edən nadir və nəsli kəsilmək təhlükəsi ilə üzləşən növlərin tükənmək qorxusu
yaranır, bölgənin biomüxtəlifliyi deqradasiya olunur. Hazuda erməni işğalçılarının əsarəti altında qalan və taleyi tam
bəlli olmayan Xocalı ərazilərində onlarla canlı təbiət abidəsi, çoxlu sayda
nadir və nəsli kəsilməkdə olan bitki və heyvan növləri var idi. Bu növlərin bir
çoxu endemik və relikt olub, adları Qırmızı kitaba daxil edilmişdi.
Hesablamalara görə, o dövrdə erməni işğalçılarının dağıdıcı fəaliyyəti
nəticəsində ümumilikdə münaqişə zonsının təbii kompleksinə 316834454 manat
ziyan vurulub.
Araşdırmalar
göstərir ki, zəbt edilmiş Xocalı ərazisində ekosid həyata keçirilir. Məsələn, ayıfındığı meşəsinin kütləvi şəkildə qırılaraq
xarici ölkələrə satılır. Apardığımız tədqiqatlardan məlum olur ki, ümumilikdə,
yalnız bir il ərzində (1993-cü ildə) işğal edilmiş ərazilərdən Ermənistana
206,6 min m2 qiymətli ağac növləri kəsilib aparılmışdır. Xocalı
rayonunda meşələr tamamilə məhv edilib. Rayonun ərazisindəki yaşlı çinar
ağaclarının böyük bir qismi 2003-cü ildən başlayaraq, İrana və Yunanıstana
daşınır.
Hazırda
işğal olunmuş Xocalı rayonundakı torpaqlarındakı bi nəcib təbiət abidələrinin
tamamilə məhv edilməsinin qarşısını almaq üçün Ermənistan silahlı birləşmələri
tezliklə qeyri-qanuni işğal etdikləri ərazidən çıxarılmalıdır.
Ermənistan
silahlı birləşmələrinin təcavüzü ilə əlaqədar Xocalının kənd təsərrüfatına
yararlı torpaqlarının 456 hektarı işğal altındadır. Böyük vəsait hesabına
yaradılan dağlıq və dağətəyi rayonun əkin sahələrinin, otuz ilə yaxın bir
müddətdə işğal olunmuş ərazidə özbaşına, istifadəsiz qalaraq yararsız hala düşməsi
onun deqradasiyasına, torpağın münbit qatının yuyulması və ya dağıdılması
nəticəsində eroziyaya uğramasına səbəb olur.
Heç
bir qaydaya əhəmiyyət verməyən Ermənistan silahlı birləşmələri zəbt etdikləri
torpaqları nüvə tullantıları ilə çirkləndirməkdən də çəkinmirlər. Belə ki, Ermənistan
AES-in radioaktiv tullantını işğal edilmiş Xocalı torpağında basdırır.
Xocalı
ərazilərində tez-tez törədilən yanğınlar da torpağın ekosisteminə mənfi təsir
göstərir. Yalnız 2006-2007-ci illər ərzində Xocalının işğal altında olan
torpaqlarında erməni işğalçıları tərəfindən 16 min hektardan artıq ərazisində
yanğınlar törədilib.
Döyüş
bölgələrində dağıdıcı silahlar və ağır texnika ərazinin ekoloji şəraitinə güclü
ziyan vurur. Döyüşlərin intensiv aparıldığı ərazidə, mərmilərin və texniki
qurğuların nizamsız hərəkəti nəticəsində münbit torpaqlar yeni eroziya
formasına-hərbi eroziyaya məruz qalır. Xocalı rayonunun ərazisinin erməni
işğalçıları tərəfindən zəbt olunması su sərvətlərimizə də öz təsirini
göstərib. Belə ki, Ermənistan ərazisindən axıb gələn Oxçuçay sututumunun Araza
qarışaraq onun təbii mikroflorasını 65 km axın boyu 80% məhv edir. Ermənistan
Respublikasındakı bir sıra müəssisələrin çirkab suları Araz çayına tökülür.
Azərbaycan üçün böyük həyati əhəmiyyəti olan suvarma sistemləri və mənbələrinin
Ermənistan tərəfindən blokadaya alınması ölkəmiz üçün çox böyük təhlükə
mənbəyinə çevrilib. Buna, vaxtaşırı ermənilərin Sərsəng su anbarı ilə bağlı
bilərəkdən yaratdıqları problemi misal göstərmək olar.
Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinin başlanmasından sonra ermənilərin diqqətini daha
çox cəlb edən də ölkəmizin zəngin təbii sərvətləri olub. Ümumilikdə, işğal edilmiş
ərazilərdə 155 müxtəlif növ faydalı qazıntı yataqları qalıb. Qeyd etmək lazımdır
ki, Azərbaycanın mineral sularının ümumi geoloji ehtiyatlarının 39,6%-i işğal
altında olan rayonların payına düşürdü.
Hazırda
Ermənistanın İstisu və Turşsudan qazanc məqsədilə istifadə etmələri,
Kəlbəcərdəki İsti suyu isə qablaşdıraraq öz saxta nişanları ilə dünya
bazarlarına çıxarmaları barədə məlumatlar vardır. Bu, onların vandalizm
xarakterdə çıxış etdiklərini göstərir.
Əksəriyyəti
müxtəlif xarici ölkələrdən gələn, o cümlədən bir çox xarici ölkələrin şirkətləri beynəlxalq qanunlara zidd olaraq, Ermənistan Azərbaycan dövlətinin
mülkiyyətində olan təbii sərvətləri o cümlədən Xocalının sərvətlərini talan
etməklə məşğuldurlar.
Ermənistan tərəfindən işğal edilmiş Xocalı ərazisində faydalı qazıntı yataqlarının vəhşicəsinə
istismar edilməsi və dağıdılması siyasəti həyata keçirilir.
onu da qeyd edək ki, Azərbaycanın işğal olunmuş rayonlarının Ermənistanla
sərhəd bölgələrindəki zəngin qızıl yataqları qanunsuz istismar olunub və bu
proses indi də davam edir. Əvvəlcə Kəlbəcərdə, sonradan Ağdərə və Zəngilanda
da qızıl yataqlarının talan edilməsinə başlanıb. Ermənistanın qızılçıxaran
şirkətlərindən biri öz fəaliyyətinə 2001-ci ildən başlayıb və 16 tondan çox
qızıl əldə edib. 2002-cı ildə – 3,2 ton qızıl, 5,5 ton gümüş, 2003-cü ildə 2,0
ton qızıl, 2004-cü ildə – 2,5 ton qızıl, 2005-ci ildə 3,0 ton qızıl,
2006-cı ildə 5,0 tondan çox Azərbaycana məxsus qızıl çıxarılıb.
Beləliklə, göstərilən faktlardan aydın olur ki, Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinin yaratdığı ekoloji problemlər mövcud şəraitdə həll
edilə bilmir. Məsələnin yeganə həll yolu işğal olunmuş torpaqlarımızdan Ermənistan
silahlı birləşmələrinin çıxarılmasıdır. Ümummilli liderimiz Heydər Əliyevin
“Azərbaycanın milli-mədəni və təbii irsinin qorunub saxlanılması –
milli parklar proqramı” Beynəlxalq Konfrans iştirakçılarına ünvanlandığı 1 may
2002-ci il tarixli müraciətində “Təbiətin ölkəmizə bəxş etdiyi
zəngin sərvətlərə xüsusi qayğı ilə yanaşmaq, belə misilsiz xəzinələri bəşəriyyətin
gələcəyi naminə qorumaq üzərimizə düşən başlıca vəzifələrdəndir” –
deyə bu məsləyə ayrıca yanaşmağı tövsiyə etmişdir. Məhz onun 23 may 2001-ci il
tarixli fərmanı ilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər
Nazirliyi yaradılmışdır. Hazırda bu struktur ölkənin ekologiyası və təbii
sərvətlərinin qorunmasında xüsusi rol oynayır. Heydər Əliyev çıxışlarından birində göstərmişdir
ki, “dünyada mövcud qlobal problemlərdən birinin yaradıcısı Ermənistan
Respublikasıdır.... Azərbaycan torpaqlarının qeyri-qanunu işğalıdır...”.
18
fevral 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikasında ekoloji problemlərə həsr olunmuş
müşavirədə dövlətimizin bu məsələyə böyük önəm verdiyini xüsusi olaraq
diqqətə çatdırmışdır: “Bu gün ekoloji məsələlərin həlli vacib məsələlərdən
biridir. Ona görə yox ki, dünyada bu məsələlərə böyük diqqət göstərilir. Ona
görə ki, bu gün Azərbaycan qarşısında həllini gözləyən əsas məsələlərdən biri
ekoloji vəziyyətin yaxşılaşdırılmasıdır. Bu istiqamətdə vacib addımlar atılıb,
konkret proqram qəbul edilibdir. Bu gün hesab edirəm ki, biz əlavə tədbirlər
haqqında danışmalıyıq. 2010-cu il Azərbaycanda “Ekologiya ili” elan
edilmişdir. Cəmiyyətimizdə bu təşəbbüs müsbət qarşılanır və görülən tədbirlər
əhali tərəfindən, ictimaiyyət tərəfindən dəstəklənir, ağacəkmə kampaniyası və
digər vacib məsələlər xalqın iştirakı ilə həyata keçirilir. Ekologiya
tədbirlərinin görülməsi ancaq 2010-cu illə məhdudlaşmamalıdır. Məhz bundan
sonra həyata keçirilmiş ardıcıl tədbirlər əvvəlki illərlə müqayisədə Azərbaycan
Resbublikasının ekoloji durumunda əsaslı dönüş yaratdı. Təsadüfi deyildir ki,
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü il birinci rübünün
sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr
olunmuş iclasında: “...Biz ekoloji vəziyyətlə bağlı məsələləri daim diqqət
mərkəzində saxlayırıq”, - demişdi. Bu, dövlətimizin ekoloji problemlərin
həllinə necə həssaslıqla yanaşdığını göstərir. Əldə edilmiş uğurlar əhalinin
ətraf mühitə münasibətində müsbət dəyişikliklərə gətirib çıxarmış, ekoloji
vəziyyətin yaxşılaşdırılmasına yönəldilmiş tədbirlər onların bu sahədə fəal
iştirakına zəmin yaratmışdır.
Lakin, çox təəssüflər olsun ki, hazırda ermənilər işğal
altındakı Xocalı ərazisində təbiətə vəhşicəsinə ziyan vururlar. Meşələrdəki
qiymətli ağaclar kütləvi surətdə doğranaraq Ermənistana daşınır.
Torpaqlarımızda gizli şəkildə narkotik maddələr əkilib becərilir, terrorçu
dəstələr hazırlanır.
Xeyli vaxtdır ki, Qarabağ
torpaqlarının düşmən tapdağından azad edilməsi üçün danışıqlar aparılır. Bu
danışıqlarda iri dövlətlər və nüfuzlu beynəlxalq təşkilatlar iştirak edirlər.
Azərbaycan dövləti torpaqlarımızda yenidən müharibə başlamasını, qan
tökülməsini istəmir, çalışır ki, sülh danışıqları nəticə versin. Danışıqlarda
Azərbaycanın nümayiş etdirdiyi mövqe haqq-ədalət mövqeyidir. Azərbaycan
dövləti heç bir ölkəyə qarşı ərazi iddiası irəli sürmür, eyni zamanda öz
torpaqlarımızın bir qarışının da düşmən tapdağında qalmasına imkan verməyəcək,
Lakin ermənilər hər vəchlə sülh danışıqlarını yubatmağa çalışır, BMT-nin
çıxartdığı qətnamələri yerinə yetirməkdən yayınırlar. Ermənilərin tutduqları
belə qeyri-ciddi mövqeyin sonu yoxdur. Sülh danışıqları baş tutmayacağı təqdirdə
xalqımız bir nəfər kimi ayağa qalxıb torpaqlarımızı mənfur düşməndən azad
etməyə hazırdır. İndi, düşməni torpaqlarımızdan çıxarmağa qadir olan ordumuz
formalaşıb. Ölkəmizin iqtisadi qüdrəti artdıqca ordumuz da güclənir. Dövlət
büdcəsindən ordunun ehtiyacları üçün ayrılan vəsaitin həcmi ildən-ilə artır ki,
bu da Azərbaycan silahlı qüvvələrinin maddi-texniki təminatının daha da möhkəmlənməsi,
kadr hazırlığının daha da yaxşılaşması deməkdir. Nizami Ordumuzun
möhkəmlənməsi, beynəlxalq miqyasda Azərbaycanın haqq ədalətin mövqeyinin
dəstəklənməsi, insanlarda düşmənə nifrət hissənin artması, yekdil
əhvalı-ruhiyyənin yaranması onu deməyə əsas verir ki, Qarabağ torpağı tezliklə
düşmən əsarətindən azad ediləcək. Ordumuzun, xalqımızın düşmən üzərində zəfər yürüşünə
çıxacağı, üçrəngli bayrağımızı doğma Qarabağ torpağına o cümlədən, əsirlikdə
olan Xocalıya sancacağı günə az qalıb.
Azərbaycan Prezidenti Azərbaycanın
mövqeyini qəti şəkildə ifadə edərək demişdir: “Azərbaycanın ərazi bütövlüyü
danışıqlar mövzusu deyildir, olmayıbdır və heç vaxt olmayacaqdır. Dağlıq
Qarabağ heç vaxt müstəqil ölkə olmayacaqdır, Azərbaycanın razılığı olmadan bu
mümkün deyildir. Azərbaycan isə buna heç vaxt öz razılığını verə bilməz. Dağlıq
Qarabağda yaşayan ermənilər və orada yaşayacaq azərbaycanlılar muxtariyyət
statusu çərçivəsində yaşamalıdırlar və bu sahədə dünyanın ən qabaqcıl
təcrübəsi tətbiq edilməlidir. Bizim prinsipial mövqeyimiz bundan ibarətdir və
biz bu mövqedən bir addım geri atmayacağıq. Çalışacağıq ki, bütün imkanları işə
salaq, bu məsələni tezliklə, ədalətlə, beynəlxalq hüquq normalarına uyğun
şəkildə həll edək ki, Azərbaycan vətəndaşları öz doğma torpaqlarına tezliklə
qayıda bilsinlər” [3].